Həsən Nəzərov oynadı, Coşqun Diniyevlə Renat Dadaşov…

Azərbaycanlı futbolçular Həsən Nəzərov və Renat Dadaşovun çıxış etdiyi Türkiyənin “Ankaragücü” komandası növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, paytaxt klubu Türkiyə kubokunun 4-cü təsnifat mərhələsi çərçivəsində “Karşıyaka”nın qonağı olub.

Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Dadaşov zədəli olduğu üçün bu oyunda iştirak etməyib. Nəzərov isə qarşılaşmanın 72-ci dəqiqəsində meydana buraxılıb.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 9 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 3-cü oyununu keçirib.

Digər azərbaycanlı futbolçulardan Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” da Türkiyə Kuboku çərçivəsində növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda aşağı liqa təmsilçisi “Karacabey Belediyespor”la üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabıyla yekunlaşıb. Əlavə vaxtda isə qonaq komanda daha bir qol vurub. Beləcə, Coşqunun komandası 120+1-ci dəqiqədə buraxdığı qol nəticəsində 2:3 hesabıyla uduzaraq ölkə kuboku ilə vidalaşmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 13 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: