Həsrət Cəfərov: “Daha uğurlu çıxış edəcəyimə inanıram”

Yunan-Roma güləşi üzrə Avropa çempionu Həsrət Cəfərov Rumıniyanın paytaxtı Buxarestdə qazandığı uğura münasibətini açıqlayıb.

Arena.az xəbər verir ki, o, Dünya Güləş Birliyinin (UWW) mətbuat xidmətinə açıqlama verib.

21 yaşlı idmançı turnirdən əvvəl Xorvatiyada təşkil olunmuş təlim-məşq toplanışındakı hazırlığın bəhrəsini gördüyünü bildirib. O, qatıldığı bütün turnirlərə ciddi yanaşdığını qeyd edib: “Heç bir yarışa özümdən razı şəkildə getmirəm. Bu, bizə həm düşmür, həm də yaraşmır. Rəqiblərin hər birini güclü idmançı kimi görürəm. Heç birini özümdən zəif saymıram. Avropa çempionatında da qarşılaşdığım güləşçilərin hər biri titullu idmançılar idi. İkinci dəfə Avropa çempionu olmağımın arxasında böyük əziyyətlər durur”.

Cəfərov Paris-2024 Yay Olimpiya Oyunlarına qədər daha bir turnirdə çıxış edəcəyini vurğulayıb: “Dünya çempionatının finalında kubalıya məğlub olmuşdum. Orada bəzi səhvlərim oldu. Həmin mundialdan sonra səhvlərimin üzərində işlədim. Növbəti yarışda daha uğurlu çıxış edəcəyimə inanıram. Yəqin ki, olimpiadaya qədər daha bir yarışa qatılacağam”.

Buxarestdəki Avropa çempionatında 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov 1/8 finalda serbiyalı Sebastyan Naddan güclü olub – 6:1. Titullu güləşçimiz bolqarıstanlı Abu Muslim Amayevə də heç bir şans tanımayıb – 13:4. Cəfərov yarımfinalda norveçli Morten Toresenə 7:1 hesabıyla qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həsrət həlledici görüşdə rusiyalı Ruslan Biçurinlə mübarizə aparıb. 8:5 hesablı qələbəylə titulunu qoruyan 21 yaşlı güləşçimiz 2 Avropa çempionu ünvanına sahib çıxıb.

Xatırladaq ki, Həsrət 2023-cü ildə Xorvatiyada keçirilən Avropa çempionatının da qalibi olmuşdu.