Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Arena.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançımız finala gedən yolda Ukraynanı təmsil edən həmyerlimiz Pərviz Nəsibovla qüvvəsini sınayıb.
Görüş 3:3 hesabı ilə yekunlaşsa da, sonuncu xal prinsipinə əsasən Nəsibov mərhələ adlayıb. Cəfərov isə mübarizəni sabah bürünc medal uğrunda davam etdirəcək.
Qeyd edək ki, dünya çempionatlarının gümüş və bürünc mükafatçısı olan Həsrət hazırda öz çəki dərəcəsində dünya reytinqinin birincisi, Pərviz isə ikincisidir. Amma azərbaycanlı idmançıların Olimpiya Oyunlarındakı yarımfinal görüşü məhz Nəsibovun qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, Həsrət Cəfərov bu Olimpiadaya 1/8 final mərhələsindən başlamış və startda Məhəmməd Elsayedi (Misir) tam üstünlüklə (9:0) məğlub edərək 1/4 finala yüksəlmişdi.
1/4 finalda isə o, Valentin Petiçlə mübarizəni çətin qələbə ilə (3:1) başa vurmuşdu.
Qeyd edək ki, yunan-Roma güləşi millimiz Parisə 5 idmançı ilə yollanıb. Murad Məmmədovla (60 kq) Sabah Şəriəti (130 kq) yarışı medalsız başa vurublar. Sənan Süleymanov (77 kq) bürünc uğrunda qarşılaşmaya çıxacaq. Bu gün baş tutan ilk görüşündən məğlub ayrılmış Rafiq Hüseynovun (87 kq) aqibətinə isə digər görüşlərin nəticəsindən sonra aydınlıq gələcək. Onun uduzduğu idmançı finala yüksəlsə, Rafiq sabah təsəlliverici görüşdə iştirak hüququ qazanacaq.
Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Hələlik iki cüdoçumuz – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olub. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq. Eyni sözlər taekvondodakı yeganə təmsilçimiz Qaşım Maqomedova da aiddir.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.