Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Arena.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançımız Olimpiadaya 1/8 finaldan başlayıb.
Dünya çempionatlarının gümüş və bürünc mükafatçısı startda Məhəmməd Elsayedi (Misir) ilə üz-üzə gəlib. O, rəqibini xalçaya çıxmağa peşman edib. Güləşçimiz tam üstünlüklə (9:0) qələbə qazanaraq 1/4 finala yüksəlib.
Həsrət Cəfərov ikinci qarşılaşmasında moldovalı Valentin Petiçlə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yunan-Roma güləşi millimiz Parisə 5 idmançı ilə yollanıb. Murad Məmmədovla (60 kq) Sabah Şəriəti (130 kq) yarışı medalsız başa vurub, Sənan Süleymanov (77 kq) isə bürünc uğrunda qarşılaşmaya çıxacaq. Bu gün millimizin daha bir üzvü Rafiq Hüseynov da (87 kq) mübarizəyə qoşulacaq.
Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Hələlik iki cüdoçumuz – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olub. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.