Həyat yoldaşı Kayl Uokeri evdən qovdu – Səbəb

“Mançester Siti”nin müdafiəçisi Kayl Uokerin həyat yoldaşı Enn Kilner növbəti xəyanətindən sonra ingilis futbolçunu öz evindən qovub.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

Vurğulanır ki, model Loren Qudman 33 yaşlı Kayl Uokerdən ikinci övladını dünyaya gətirib. Bu, Kaylın Enn Killnerlə nikahına son zərbə olub. Nəticədə Kayl evindən qovulub. Mənbənin məlumatına görə, Kayl Uokerin evinin dəyəri 2,8 milyon avro məbləğində qiymətləndirilir.

“Enn heyrətamiz qadındır və mən yalnız onu incitdiyimə görə üzr istəyə bilərəm. O, uzun müddətdir ki, mənim həyatımın bir parçası olub və bu, uşaqlarımızın xatirinə heç vaxt dəyişməyəcək. Biz bu çətin dövrləri keçərkən, bütün ailəmiz və xüsusən də kiçik uşaqlarımız üçün baş-başa qalmağı xahiş edərdim”, Uoker özünün sosial şəbəkə hesabı üzərindən bildirib.

Xatırladaq ki, Kayl Uoker 2017-ci ilin iyul ayından “Mançester Siti”də çıxış edir. O, bu kluba “Tottenhem”dən 52,7 milyon avro müqabilində keçib. Uoker indiyə qədər “şəhərlilər”in heyətində 282 oyun keçirib, 6 qol vurub, 21 məhsuldar ötürmə edib.

Uoker “Mançester Siti” ilə 5 dəfə İngiltərə çempionu olub. O, İngiltərə Liqa Kubokunda 4, Federasiya Kubokunda və İngiltərə Super Kubokunda 2 dəfə zəfər sevinci yaşayıb. Artıq onun titul kolleksiyasında UEFA Çempionlar Liqası ilə yanaşı, UEFA Super Kuboku da var.

İngilis futbolçu karyerası ərzində “Şeffild Yunayted”, “Northempton Taun”, “Tottenhem”, KPR və “Aston Villa” klublarının da formasını geyinib. Müdafiəçi İngiltərə milli komandasında da 81 oyun keçirib, 1 qol vurub.

“Transfermarkt” internet-portalı Kayl Uokeri 13 milyon avro məbləğində qiymətləndirir.