Sərbəst güləş üzrə üçqat dünya çempionu, ikiqat Olimpiya mükafatçısı Hacı Əliyev prezident İlham Əliyevlə görüşdə çıxış edib. Arena.az xəbər verir ki, o, öncə bunları söyləyib:
“Cənab Prezident, mən də öz adımdan, həm də sərbəst güləş yığma komandasının adından bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Bildiyiniz kimi, Macarıstanda keçirilən Avropa çempionatında sərbəst güləşçilərimiz uğurlu nəticələr əldə etdilər. Ümumilikdə 7 medal qazandıq, bunlardan 1-i qızıl, 4-ü gümüş, 2-si isə bürünc medal oldu. Biz medal sayına görə komanda hesabında birinci olduq. Sözsüz ki, bu uğurlarımız, bu qələbələrimiz sizin idmana diqqət və qayğınızın nəticəsidir ki, bu gün belə gözəl nailiyyətlər qazandıq. Eyni zamanda, biz Güləş Federasiyasının da diqqət və qayğısını hər zaman hiss etmişik. Biz belə diqqət və qayğı sayəsində çalışacağıq ki, hər zaman gözəl nəticələr əldə edək.
Cənab Prezident, mənim əsas hədəflərimdən biri Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək, qızıl medal qazanmaqdır. Siz bilirsiniz ki, mən iki dəfə Olimpiya Oyunlarında medal qazanmışam – bir gümüş, bir bürünc. Artıq mənə elə gəlir ki, qızıl medal qazanmağın vaxtıdır. İnanıram ki, Parisdə keçiriləcək Olimpiya Oyunlarında bizim gənc güləşçilərimiz də, burada olan güləşçilərimiz də yaxşı nəticələr qazanacaqlar, medallarımızın sayını daha da çoxaldacaqlar. Sizə gələcək işlərinizdə uğurlar arzu edirəm, Allahdan Sizə uzun ömür, cansağlığı arzulayıram. Çox sağ olun diqqətinizə görə”.
“Üçqat dünya çempionu olmaq tarixi nailiyyətdir”
Prezident İlham Əliyev onun bu çıxışından sonra öz fikirlərini bölüşüb: “Sağ ol, sağ ol Hacı, əyləş. Mən hesab edirəm ki, sən artıq Olimpiya Oyunlarının qızıl medalını qazanmısan. Çünki sən üçqat dünya çempionusan və dünya çempionatı da Olimpiya Oyunları ilə eyni səviyyəli yarışdır. Bəlkə də Olimpiya Oyunları daha həyəcanlı bir yarışdır. Çünki 4 ildən bir keçirilir və bütün dünya ictimaiyyətinin diqqəti oradadır. Amma təmsilçilik baxımından və rəqabət baxımından dünya çempionatları ondan geri qalmır. Ona görə sənin üç qızıl medalın var dünya çempionu kimi. İndi təvazökar insan kimi bir medal taxmısan, amma sənin medalların nə qədərdir, bəlkə özün də sayını itirmisən. Yadındadır nə qədər medalın var sənin?
Hacı Əliyev: Çoxdur.
Prezident İlham Əliyev: İndi üç dünya çempionu medalı, ondan sonra Olimpiya, üç dəfə Avropa çempionu. Ona görə sən bütün medalları taxsan sinəndə yer qalmaz. Biz hər bir idmançıdan qələbə gözləyirik. Amma əsas odur ki, yarışda iştirak edəcəksən. Mən bilirəm ki, sən son Olimpiya Oyunlarında bir az tərəddüd edirdin gələcək fəaliyyətinlə bağlı. Amma yaxşı ki, qalmısan idmanda. Sən lazımsan həm idmana, həm gənclərə və doğrudan da gənclər üçün, gənc idmançılar üçün bir nümunəsən. Çünki üçqat dünya çempionu olmaq doğrudan da tarixi nailiyyətdir. Ona görə səni bir daha təbrik edirəm”.
“Çalışacağıq ki, kubok Bakıda qalsın, Bakıdan qırağa getməsin”
Yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu və dünya çempionu Eldəniz Əzizli də görüşdə çıxış edib:
“Möhtərəm Prezident, mən də yunan-Roma güləşi milli komandası adından bizim qazandığımız qələbələri yüksək qiymətləndirdiyiniz üçün sizə öz minnətdarlığımızı bildiririk. Bildiyiniz kimi, Budapeştdə keçirilən Avropa çempionatında yarışa qatılan 10 idmançımızdan 8-i medalla Vətənə qayıtdı. Onlardan iki qızıl medal, bir gümüş və beş bürünc medalla ümumilikdə 165 xal toplayaraq yunan-Roma güləşi tarixində yeni bir rekorda imza atdıq. İlk dəfə idi ki, yunan-Roma güləşi millimiz komanda hesabında Avropa çempionu oldu. Həqiqətən də bu yarış bizim üçün rekordlarla əlamətdar bir yarış oldu.
Cənab Prezident, sizin idmana və idmançılara göstərdiyiniz diqqət və qayğı bizi həvəsləndirir, gələcək yarışlara daha da ruhlandırır. Bildiyiniz kimi, noyabrın 5-6-da Bakıda yunan-Roma güləşi üzrə dünya kuboku keçiriləcək. Biz ilk dəfə 2015-ci ildə İran İslam Respublikasının Tehran şəhərində dünya kubokunun sahibi olmuşduq. Artıq son qələbəmizdən 7 il keçir. Düşünürəm ki, inşallah biz idmançılar əlimizdən gələni etməyə çalışıb 7 ildən sonra qazandığımız parlaq qələbəni Bakıda təkrarlayacağıq və var gücümüzlə çalışacağıq ki, kubok Bakıda qalsın, Bakıdan qırağa getməsin. Bizi qəbul etdiyiniz üçün bir daha sizə öz minnətdarlığımızı bildiririk. Diqqətiniz üçün sağ olun”.
Prezident İlham Əliyev: “Sağ ol, çox sağ ol. Eldəniz də bizim görkəmli idmançılarımızdandır, ikiqat dünya çempionu, Avropa çempionu. Ona görə əminəm ki, gələcəkdə də bizi sevindirəcək”.