“İnter”in türk dayaq yarımmüdafiəçisi Hakan Çalhanoğlu “Milan”ı şəhərin digər təmsilçisinə dəyişməsinin səbəbini açıqlayıb.
Arena.az “Pianetamilan.it” portalına istinadən, Çalhanoğlunun müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Hamı pula görə “Milan”ı tərk etdiyimi düşünür, amma məni maraqlandıran tək şey bu deyil. Mənim üçün eşidilmək, özümü vacib hiss etmək vacib idi və mən bu hissi burada yaşayıram”, deyə türk yarımmüdafiəçi bildirib.
Həmçinin Çalhanoğlu ötən yay Səudiyyə Ərəbistanından gəlmiş bir təklifindən imtina etməsi barədə də danışıb:
“Mən “İnter”i sevdiyim üçün ayrılmamaq qərarına gəldim. Burada mənim mühüm rolum var. Mən bu kluba minnətdaram, çünki burada bir oyunçu kimi böyüyürəm. Mən diqqətlə işimə köklənmişəm. Özümə inanıram, qabiliyyətlərimə bələdəm, amma bunun müqabilində azarkeşlər də sənə sevgi bəxş etdikdə, əvəzində onlara nəsə vermək çox xoşdur. Mən xoşbəxtəm, çünki bilirəm ki, belə sevgini qazanmaq asan deyil.
Skudetto və ya bir daha Çempionlar Liqasının finalına çıxış – hansını seçərdim? Skudetto!”.
Hakan peşəkar karyerasına “Karlsrue”də başlayıb. Ardınca türk yarımmüdafiəçi tədricən tərəqqi edərək “Hamburq” və “Bayer”də çıxış edib. “Milan” skautlarının diqqətini cəlb etmiş Çalhanoğlu 2017-ci ilin iyununda 23,3 milyon avro qarşılığından “əczaçılar”ın heyətindən “rosseneri”nin düşərgəsinə transfer edilib. 2021-ci ilin iyulunda isə “Milan”da xidmətinə ehtiyac duyulmayan Hakan azad agent qismində “rossoneri”nin əzəli rəqibi “İnter”in düşərgəsinə keçib. Burada Hakan daha da püxtələşərək yüksək səviyyəli sabit oyunu ilə komandanın aparıcı oyunçularından birinə çevrilib. Çalhanoğlunun “neradzurri” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Çalhanoğlu “İnter”in heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə verib. Hakanın “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 117 oyun, 20 qol, 24 məhsuldar ötürmə.
Çalhanoğlu “İnter”lə İtaliya Kubokunun (2021/2022, 2022/2023) və İtaliya Super Kubokunun (2021/2022, 2022/2023) qalibi olub.
Hakan Çalhanoğlu 2013-cü ilin sentyabrında debüt etdiyi Türkiyə millisinin heyətində 82 oyuna çıxıb, 17 qol vurub, 15 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.