Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”un baş məşqçisi Hakan Keleş tutduğu vəzifədən azad olunub.
Arena.az xəbər verir ki, bu barədə Konya klubunun mətbuat xidməti məlumat yayıb.
Bu istefaya komandanın ötən gecə səfərdə “Fənərbaxça”ya 1:7 hesablı məğlubiyyəti səbəb olub. Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Keleş klub prezidenti ilə görüşüb istefasını müzakirə edəcəyini açıqlamışdı. Yekunda tərəflər yollarını ayırmağa qərar veriblər.
Xatırladaq ki, Keleş 2023-cü ilin oktyabr ayından “Konyaspor”a rəhbərlik edirdi. Həmin vaxt o, istefaya göndərilmiş serbiyalı mütəxəssis Aleksandr Stanoyeviçi əvəz etmişdi.
Konya təmsilçisi Hakan Keleşin rəhbərliyi altında bütövlükdə 12 oyuna çıxıb. Konyalılar bu görüşlərdə 4 qələbə qazanıblar, 3 heç-heçə ediblər və 5 məğlubiyyətə üzülüblər.
“Konyaspor” bu mövsüm uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Komanda keçirdiyi 19 oyunda cəmi 4 qələbə qazanıb, 6 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb. Sözügedən kollektiv 18 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.
51 yaşlı Hakan Keleş daha öncə “Sivasspor” və “Girəsunspor”u da çalışdırıb. Onu Konya klubunda Aykut Kocamanın əvəz edəcəyinə dair xəbərlər yayılsa da, Super Liqa təmsilçisi bu məlumatı rəsmi olaraq təsdiqələməyib.