İngiltərə Kubokunun 1/32 final mərhələsinin “Brentford” – “Vulverhempton” oyununun baş hakimi Toni Harrinqton yumru qırmızı vərəqə göstərib.
Arena.az məlumat verir ki, oyunun 9-cu dəqiqəsində hakim girdə qırmızı vərəqə göstərərək, “Vulverhempton”un futbolçusu Joau Qomesi meydandan kənarlaşdırıb.
Amma azlıqda qalmış “canavarlar” oyunu 1:1 hesabı ilə başa vurublar. Xatırladaq ki, İngiltərə Kubokunun nizamnaməsinə əsasən, heç-heçə başa çatmış oyunlar yenidən oynanılır.
Hakimin yumru qırmızı vərəqədən istifadə etməsinin əsas səbəbi bəzi futbolçuların müxtəlif rənglərləri gerçək görməsi ilə bağlı fəsadlar yaşamasıdır. Beləliklə, bəzi oyunçuların görmə fəsadı olsa belə, düzbucaqlı vərəqənin sarı, yumru vərəqənin isə qırmızı olduğunu aydın başa düşürlər.
Digər səbəb isə hakimin özünü xətalardan sığortalamağa yönəlib. Belə ki, hakimlər oyunun sürətli axarında sarı və qırmızı vərəqələri cibindən çıxararkən bəzən yanıla bilirlər, o səbəbdən vərəqələri təmasla öncədən ayıra bilmək üçün bir çox hakimlər məhz yumru qırmızı vərəqələrdən istifadə etməyə üstünlük verirlər.
