“Mançester Siti”nin norveçli qolçusu Erlinq Haland cari mövsümdə “şəhərlilər”in mümkün “üçəm”ə imza ata biləcəyi ehtimalına toxunub.
Arena.az “BBC Sport”a istinadən Halandın bu xüsusda sözlərini diqqətinizə çatdırır:
“Məni Çempionlar Liqasını qazanmaq üçün almışdılar. Bunu unutmayaq. Bu turnirdə qalib gəlmək hamımız üçün çox şey demək olacaq. Komandamın “trebl” qazanması üçün hər şeyi edəcəyəm. Bu, bizim üçün asan olmasa da, mənim ən böyük arzumdur.
Bizi dayandırmaq istəyən iki güclü komanda ilə iki final bizi gözləyir. Onlar buna həvəsləndiriləcək və hazırlanacaqlar. Bacardığımızı artıqlaması ilə ortaya qoymalıyıq. Bu halda bizim uğur qazanmaq şansımız olacaq”.
“Mançester Siti”nin qol silahı bu mövsüm 51 oyuna çıxıb, 52 qol vurub və 9 məhsuldar ötürmə edib. Haland “şəhərlilər”in İngiltərə Premyer Liqasını qazanmasında əsas pay sahibi olub.
Xatırladaq ki, “Mançester Siti” bu gün İngiltərə Kubokunun finalında “Mançester Yunayted”lə, iyunun 10-da isə UEFA Çempionlar Liqasının həlledici oyununda “İnter”lə qarşılaşacaq.