Halk XXI əsrdə “Atletiko Mineyro”nun ən sərrast qolçusu oldu

Braziliya A Seriyasının 6-cı turundan təxirə salınmış “Qremio” ilə ev oyunu “Atletiko Mineyro”nun hücumçusu Halk üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “Atletiko Mineyro” – “Qremio” oyunu meydan sahibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Halk komandasının qələbəsinə oyunda hesabı açmaqla töhfəsini verib. “Globo Esporte” dərgisinin məlumatına görə, bu qol sayəsində braziliyalı məşhur hücumçu XXI əsrdə “Atletiko Mineyro”nun ən sərrast qolçusuna çevrilib. 38 yaşlı veteran futbolçusu “beçələr” üçün keçirdiyi 214-cü oyununda 113-cü qolunu vurub. Halk bu göstəricidə braziliyalı keçmiş hücumçu Dieqo Tardellini (112 qol) geridə qoyub.

“Atletiko Mineyro”nun ən sərrast futbolçusu isə 1973-85-ci illərdə “beçələr”in heyətində 475 oyuna 255 qol vurmuş Joze Reynaldo de Lima – və ya sadəcə Reynaldodur.

Halk 2021-ci ilin fevral ayından “Atletiko Mineyro”nun uğurları üçün çalışır. Təcrübəli forvard bu komandanın heyətində bütövlükdə 214 oyun keçirib, 113 qol vurub, 42 məhsuldar ötürmə verib.

Braziliyalı hücumçu daha öncə “Portu”, “Zenit”, “Tokio Verdi”, “Konsadole Sapporo”, “Şanxay”, “Kavasaki Frontale”, “Vitoriya” (Salvador) kimi klubların da formasını geyinib.

Halk 2009-cu ilin noyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 49 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermakt” intenet-portalı 38 yaşlı hücumçunun transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: