Bir neçə gün öncə “Zirə”dən azad agent kimi ayrılan fransalı yarımmüdafiəçi Hamidu Keyta gözlənildiyi kimi, “Qarabağ”a keçib.
Arena.az xəbər verir ki, artıq Ağdam klubu fransalı futbolçunun transferini rəsmən açıqlayıb.
Bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib. 28 yaşlı futbolçu ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalandığı diqqətə çatdırılıb.
Keyta yeni komandasında 17 nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, Hamidu Keyta 2022-ci ilin yanvarından “Zirə”də çıxış edirdi. O, bu komandada 54 oyuna çıxıb. Sol cinah vingeri bu görüşlərdə 15 qol vurub, 12 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi daha öncə “Botoşani”, “Dunarea Kalarasi”, “Şambli”, “Sent-Etyen”, “Santa-Klara” və “Trellisak” kimi komandalarda da oynayıb.