Hamidu Keyta rəsmən “Konyaspor”da

“Qarabağ”ın ötən gün yollarını ayırdığı fransalı yarımmüdafiəçi Hamidu Keyta Türkiyənin “Konyaspor” klubu ilə müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Konya klubu sosial şəbəkə hesabında paylaşım edib.

29 yaşlı fransalı ilə 2 illik müqavilə imzalanıb. Hamidu yeni klubuna azad agent kimi keçib. O, Super Liqa təmsilçisinin heyətində 28 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Hamidu Keyta “Qarabağ”a 2023-cü ilin iyul ayında “Zirə”dən azad agent kimi keçmişdi. Həmin vaxt futbolçu ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalanmışdı.

Keyta “Qarabağ”ın heyətində 54 oyun keçirib, 9 qol və 7 məhsuldar ötürmə müəllifi olub. O, Premyer Liqada 31 (7 qol), Azərbaycan Kubokunda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. O, 2022-ci ilin yanvarından “Qarabağ”a keçənə qədər formasını geyindiyi “Zirə”də də 54 oyuna çıxıb., 15 qol vurub, 12 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçi daha öncə “Botoşani”, “Dunarea Kalarasi”, “Şambli”, “Sent Etyen”, “Santa-Klara” və “Trellisak” kimi komandalarda da oynayıb.

“Konyaspor”dan “Traktor”a

“Konyaspor” üç futbolçusu ilə də yollarını ayırıb. Albaniyalı hücumçu Sokol Çikalleşi Cənubi Azərbaycan təmsilçisi “Traktor”a keçib. 34 yaşlı futbolçu Təbriz klubu ilə 1 illik müqaviləyə imza atıb.

2020-ci ildən “Konyaspor”da çıxış edən Çikalleşi bu komandanın heyətində 111 oyuna çıxıb, 30 qol və 11 məhsuldar ötürmə müəllifi olub. O, “Akhisarspor”, “Başakşəhər”, “Osmanlıspor”, “Göztəpə”, “Besa”, “Kukesi”, “RNK Split”, “Əl-Xalic”, “Tirana”, “İnçeon Yunayted”, “Skenderbeu” kimi klubların da formasını geyinib. Çikalleşi Albaniya yığmasında da 58 oyun keçirib, 13 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Konyaspor” seneqallı hücumçusu Buli Sambunu da İranın digər klubu “Gol Gohar”a icarəyə verib. 25 yaşlı forvard bu mövsümün sonunadək sözügedən klubda icarədə çıxış edəcək.

“Konyaspor”a bu ilin fevralında cəlb olunmuş Buli Sambu bu komandada 12 oyun keçirsə də, fərqlənə bilməyib. O, daha öncə “Vidad” və “Jaraf”da da çıxış edib. Hücumçu Seneqal yığmasında da 7 oyuna çıxıb, 1 qol vurub.

Kolumbiyalı sol vinger Marlos Moreno isə “Konyaspor”dan azad agent kimi ayrılaraq “Tenerife”yə keçib. 27 yaşlı futbolçu İspaniya klubu ilə 2 illik müqaviləyə imza atıb.

2023-cü ilin fevralından “Konyaspor”da çıxış edən Marlos bu komandada 44 oyuna 3 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Atletiko Nasional”, “Flamenqo”, “Kortreyk”, “Lommel”, “Deportivo La Korunya”, “Porimonense”, “Santos Laquna”, “Jirona”, “Trua” kimi klublarda da forma geyinib. Moreno Kolumbiya yığmasında da 8 oyun keçirib, 1 qol vurub.