Mönxenqladbax “Borussiya”sının avstriyalı sol cinah vingeri Hannes Volf bundan sonra “Nyu York Siti”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Amerika Birləşmiş Ştatları (ABŞ) klubuna azad agent kimi keçib.
Volf MLS təmsilçisi ilə 2027-ci ilin 31 dekabrına kimi müqavilə imzalayıb. “Nyu York Siti” yeni transferinə görə təzminat ödəmək məcburiyyətində qalmayıb. Buna Volfun Almaniya klubundan azad agent kimi ayrılması səbəb olub.
Hannes Volf peşəkar karyerasına Avstriyanın “Liferinq” klubunda başlayıb. O, “Zallsburq”, “Leypsiq” və “Suonsi Siti” kimi komandaların da formasını geyinib. 2020-ci ildən “Borussiya”da çıxış edən vinger, Mönxenqladbax komandasında 69 oyun keçirib, 5 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Avstriyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Volfa əsas millidə debüt şansı verilməyib.
“Borussiya” hücumameyilli yarımmüdafiəçisi İvandro Borxes Sançesi də Niderlandın “NEK Neymegen” klubuna icarəyə verib. Lüksemburqdan olan 19 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. Müqavilədə satınalma şərti nəzərdə tutulmayıb. Onun Mönxenqladbax klubu ilə müqaviləsi isə 2026-cı ilin 30 iyununa qədərdir.
İvandro Borxes Sançes “Borussiya”nın öz yetirməsidir. Gənc yarımmüdafiəçi bu klubun əsas komandasında 8 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. O, 2021-ci ildən formasını geyindiyi Lüksemburq yığmasında da 23 oyuna çıxıb, 3 qola imza atıb.


