Hannibal Mejbri “Mançester Yunayted”i “Sevilya”ya dəyişdi

İngiltərənin “Mançester Yunayted” klubunun və Tunis millisinin yarımmüdafiəçisi Hannibal Mejbri bundan sonra “Sevilya”da çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

20 yaşlı futbolçunun bu mövsümün sonuna kimi icarə əsasında La Liqa təmsilçisində çıxış edəcəyi diqqətə çatdırılıb. “Sevilya”nın yayda onu birdəfəlik almaq hüququ var. Artıq bununla bağlı icarə müqaviləsində xüsusi şərtlər də nəzərdə tutulub. Belə ki, La Liqa təmsilçisi Hannibalı birdəfəlik transfer etmək istəsə, bonuslar da daxil olmaqla, 20 milyon avro ödəməlidir.

Hannibal Mejbri 2019-cu ilin yayında “Monako”dan 10 milyon avro qarşılığında “Mançester Yunayted”ə gəlmişdi. “Qırmızı şeytanlar”ın əsas komandasında cəmi 13 oyun keçirib, 1 qol vurmuş yarımmüdafiəçi, ötən mövsüm “Birmingem Siti”də də icarədə olub.

Hannibal Fransada dünyaya göz açdığı üçün vaxtilə bu ölkənin U-16 və U-17 yığmalarında oynayıb. 2021-ci ildə isə o, Tunis millisində debüt edib və həmin vaxtdan bu komandanın uğurları üçün çalışır. Gənc futbolçu Tunis yığmasında indiyə qədər 27 oyun keçirib, fərqlənə bilməyib.