“Borussiya”nın baş direktoru Hans-Yoaxim Vatske klubla 2025-ci ilin sonuna qədər nəzərdə tutulmuş müqaviləsini yeniləməyəcək.
Arena.az Dortmund klubunun rəsmi saytına istinadən, Vatskenin bu barədə fikirlərini təqdim edir:
“Gələn il bu vəzifədə olmağımın 20 ili tamam olacaq. Mən getdikcə daha çox hiss edirəm ki, bu, kifayətdir, deməyimin vaxtı gəlib çatıb. Növbəti il yarım ərzində keçidi yumşaltmaq üçün bunu mümkün qədər tez ictimaiyyətə çatdırmaq istədim. Bu müddət bütün nəticələr üçün uyğundur.
Bu vəzifədən öz istəyimlə istefa verdiyimi bildirməyim, mənim üçün vacib idi. Bu illər ərzində mənə bu imkanı verdiyi üçün klubuma çox minnətdaram. Mən hər zaman güvən duymağı böyük şərəf hesab edirəm”, deyə alman mütəxəssis bildirib.
Hazırda 64 yaşı olan Vatske 2025-ci ilin payızında Dortmund klubunu tərk edəcək.
Hans-Yoaxim Vatske biznesin idarəedilməsində magistr dərəcəsinə malikdir. Alman mütəxəssis 2001-ci ildə “Borussiya”nın xəzinədarı olub. Vatske 2005-ci ildə maliyyə böhranının ən yüksək zirvəsi zamanı Dortmund klubunun baş icraçı direktor təyin edilib. Prezident Raynhard Rauball və baş maliyyə direktoru Tomas Tres ilə birlikdə Vatske “Borussiya”nı iflasdan xilas edib. Vatske Almaniya “Xristian Demokrat İttifaqı” siyasi partiyasının, 1996-cı ildən isə “Borussiya”nın üzvüdür. Vatskenin baş direktoru olduğu müddətdə “Borussiya” 2 dəfə Almaniya Bundesliqasının və hər biri 3 dəfə olmaqla Almaniya Kubokunun və Almaniya Super Kubokunun qalibi olub.