“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın alman qapıçısı Mark-Andre ter Ştegenin zədələnməsinə münasibət bildirib.
Arena.az xatırladır ki, təcrübəli qapıçı “Barselona”nın İspaniya La Liqasının 6-cı turu çərçivəsində “Vilyarreal”ı 5:1 hesabı ilə məğlub etdiyi səfər oyununda ağır zədələnib.
“Ter Stegenin zədələnməsi ilə barışmalıyıq, baxmayaraq ki, bu, asan olmayacaq. Bir neçə həftə əvvəl Bernal da ciddi zədə alıb, indi isə Mark… Hələ kifayət qədər futbolçumuz var, amma onların qayğısını yaxşı çəkməliyik və bunu edəcəyik”, deyə alman mütəxəssis vurğulayıb.
Hansi Flik “Barselona”nın Mark-Andre ter Ştegeni əvəzləmək üçün hər hansı yeni qapıçı ilə müqavilə bağlamaq niyyətində olub-olmaması ilə bağlı sualı isə belə cavablayıb:
“Mən bu haqda danışmaq istəmirəm. Mark bizim üçün çox vacibdir və mən onu əvəz etmək barədə danışmaq istəmirəm, xüsusən də bu xoşagəlməz əhvalatdan sonra”, – AS dərgisi alman mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, ilk tibbi müayinədən sonra diz vətərlərində yırtıq aşkar edilmiş alman qapıçının 8 aya qədər müddətdə yaşıl meydanlardan kənarda qalması ehtimalı var.
Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının yetirməsidir. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyulunda 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ter Ştegen “blauqrana” üçün 7 oyun keçirib, 7 qol buraxıb, 1 oyunda “çərçivəsini” qoldan qoruya bilib.
Alman qapıçı “Barselona”nın heyətində ümumilikdə 420 oyuna çıxıb, 412 qol “yeyib” və 175 oyundan “quru” qurtulub.
Ter Ştegen “Barselona” ilə 5 dəfə İspaniya Liqasının, 5 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Ter Ştegen 2012-ci ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 42 oyuna 50 qol buraxıb, 12 “quru” oyun keçirib. O, Almaniya yığması ilə 2017 Konfederasiyalar Kubokunun qalibi, həmçinin U-17 və U-19 yığmalarının heyətində Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı alman qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.