“Barselona”nın alman baş məqşçisi Hansi Flik İspaniya La Liqasının 2024/2025-ci illər mövsümündə fevral ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İspaniya La Liqasının rəsmi saytına istinadən məlumat verir.
Flik “Xetafe”ni çalışdıran Xose Bordalas və “Valensiya”ya rəhbərlik edən Karlos Korberanı geridə qoymaqla bu mükafata sahib çıxıb. Alman mütəxəssis “blauqrana” ilə La Liqada fevral ayında 4 oyun keçirib və hamısında qələbə qazanıb. Flikin “Barselona”sı “Alaves” (1:0), “Sevilya” (4:1), “Rayo Velyekano” (1:0) və “Las Palmas”la (3:0) oyunlarda 9 qol vurub, cəmi 1 qol buraxıb. “Barselona” məhz bu qələbələr sayəsində yenidən La Liqanın zirvəsinə qayıdıb. Komanda 25 turdan sonra 54 xalla yarış cədvəlinin lideridir.
Xatırladaq ki, Hansi Flik 2024-cü ilin iyulunda “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Flikin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.
Xatırladaq ki, Flik karyerası ərzində üçüncü dəfə La Liqada ayın ən yaxşı məşqçisi seçilir. O, ötən ilin avqust və oktyabr aylarında da bu mükafata sahib çıxmışdı.
Cari mövsümün geridə qalmış aylarında fərqlənmiş məşqçilər isə bunlardır:
Avqust 2024 – Hansi Flik (Barselona)
Sentyabr 2024 – Ernesto Valverde (Atletik)
Oktyabr 2024 – Hansi Flik (Barselona)
Noyabr 2024 – Miçel (Jirona)
Dekabr 2024 – Dieqo Simeone (Atletiko)
Yanvar 2025 – Xose Bordalas (Xetafe)