Hansi Flik: “Dani Olmo oynaya biləcək fiziki vəziyyətdə deyil”

“Barselona”nın baş məşqçisi Hansi Flik klubun yeni transferi, ispan yarımmüdafiəçi Daniel Olmonun fiziki vəziyyətindən danışıb.

Arena.az xəbər verir ki, alman mütəxəssis İspaniya La Liqasının “Valensiya” ilə 1-ci tur oyunu ərəfəsində “blauqrana”nın yeni transferinin durumunu belə dəyərləndirib:

“Hazırda o, oyunda oynaya biləcək fiziki vəziyyətdə deyil. “Dani” mövsümöncəsi məşqlərə çox gec başlayıb. Meydana çıxan hər kəs buna yüz faiz hazır olmalıdır”, deyə Hansi Flik vurğulayıb.

Xatırladaq ki, Daniel Olmo futbola “Espanyol”da qədəm qoyub, buradan “Barselona”nın futbol akademiyasına yol tapıb. “Blauqara”nın akademiyasından Olmo Zaqreb “Dinamo”suna keçib. Burada püxtələşmiş ispan futbolçunu “Leypsiq” 2020-ci ilin yanvarında 29 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda öz heyətinə qatıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Daniel Olmo “Leypsiq”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə verib. Olmonun “öküzlər”in heyətində çxışının ümumi mənzərəsi isə belədir: 148 oyun, 29 qol, 34 məhsuldar ötürmə.

“Barselona” avqustun 9-da 55 milyon avro müqabilində Dani Olmonu heyətinə qatıb. 26 yaşlı futbolçu köhnə-yeni klubu ilə 6 illik (2030-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıb. “Barsa” yeni transferinə 500 milyon avro qiymət qoyub.

Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 39 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə verib.

Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.