Hansi Flik De Yonq və Qavinin tezliklə sıraya dönəcəyini açıqladı

“Barselona”nın baş məşqçisi Hansi Flik zədə səbəbindən uzun müddət oynamayan yarımmüdafiəçilər Frenki de Yonq və Qavidən danışıb.

Arena.az xəbər verir ki, alman mütəxəssis sözügedən oyunçuların səhhəti ilə bağlı sualı cavablayarkən bunları qeyd edib:

“Mən məşqdə müsbət hərəkilik görürəm. Frenkinin irəliləyişindən məmnunam. Qavi də yaxşı işləyir. Onlar getdikcə güclənirlər və bizə kömək edə biləcəklər. Gələn həftə işlərin necə gedəcəyini görəcəyik”.

Frenki de Yonqla bağlı daha bir maraqlı xəbər yayılıb. İspaniya mediasının iddiasına görə, “Barselona”nın yarımmüdafiəçisi 2025-ci ilin yayında “blauqrana”nın düşərgəsini tərk etməyə razılıq verəcəyi halda, Kataloniya klubu niderlandlı futbolçuya təxirə salınmış maaşı qismində 18 milyon avro məbləğ ödəməyə hazırdır. Futbolçunun maaş borcu ilə bağlı məsələ nəhayət həll edilərsə, De Yonq özü də “Barselona”nı tərk etməyin əleyhinə deyil. Vurğulanır ki, De Yonq koronavirus pandemiyası zamanı “blauqrana”nın maliyyə çətinliklərinin öhdəsindən gəlməyə kömək etmək üçün göstərilən məbləğdən imtina edib.

Yeri gəlmişkən, “Barselona”nın 25 yaşlı mərkəz müdafiəçisi Ronald Arauxo da ötən iyul ayında omba nahiyəsindən aldığı zədədən sıraya qarşıdakı dekabr-yanvar ayları müddətində dönəcək. Hazırda Kataloniya klubunda uruqvaylı futbolçunun qayıdışının dəqiq tarixi bilinmir. Bununla belə, vurğulanır ki, “blauqrana” mümkün təkrar zədədən qaçmaq məqsədilə Arauxonun sağalma gedişatını sürətləndirmək niyyətində deyil.

“Barselona”nın baş məşqçisi Hansi Flik alman qapıçı Mark-Andre ter Ştegenin zədələnməsi nəticəsində, polyak qapıçı Voyçex Şesnının Kataloniya komandasına qoşulub-qoşulmayacağı ilə bağlı sualı da cavablayıb:

“İnyaki Penyanın mövsüm boyu əsas qapıçı olması tamamilə mümkündür, niyə də olmasın? O, yaxşı məşq edir. “Xetafe” ilə oyunda da qapısını “quru” saxladı. Üstəlik, bu, onun özünəinamı üçün yaxşıdır.

Başqa bir qapıçı ilə müqavilə imzalamaq? Nə olacağını bilmirəm, gözləməliyəm”, deyə Flik bildirib.