Hansi Flik – La Liqada avqust ayının ən yaxşı məşqçisi

“Barselona”nın alman baş məqşçisi Hansi Flik İspaniya La Liqasında 2024/2025 mövsümündə avqust ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İspaniya La Liqasının rəsmi saytına istinadən məlumat verir.

Vurğulayaq ki, Flik müvafiq mükafatı qazanmış ilk alman mütəxəssis olub. Daha əvvəl heç bir alman məşqçi İspaniya La Liqasında ayın məşqçisi mükafatını qazanma bilməyib.

Flik “blauqrana” ilə La Liqada avqust ayında 4 oyun keçirib və hamısında qələbə qazanıb. Flikin “Barslona”sı “Valensiya” (2:1), Bilbao “Atletik”i (2:1), “Rayo Velyekano” (2:1) və “Valyadolid”lə (7:0) oyunlarda 13 qol vurub, cəmi 3 qol buraxıb. “Barselona” 4 turdan 12 xalla La Liqanın yarış cədvəlinin vahid lideridir.

Xatırladaq ki, Hansi Flik cari ilin iyulunda “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Flikin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.