“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamalın qol susqunluğunu şərh edib.
Arena.az xatırladır ki, yeniyetmə ulduz ötən ilin oktyabr ayında “Real”a qarşı İspaniya La Liqasında keçirilmiş “el klasiko” oyunundan (4:0) sonra yerli liqanın oyunlarında qol vura bilməyib.
Hansi Flik bu məqama belə münasibət bildirib:
“Vacibdir ki, o, məşqçlərdə qollar vurur. Qollar gələcək – ola bilsin ki, onlar çox olsun. Lamin qollar vurmağı xoşlayır və bunu mütəmadi surətdə edib. Səylə çalışmaq, işləmək, sonra isə bu keyfiyyətləri oyunlarda təzahür etdirmək gərəkdir. O, hücumlarda iştirak etməyə, fürsətlər yaratmağa və bunları başa çatdırmağa həmişə can atır. İndi onun bəxti gətirmir, amma bu, dəyişəcək”, deyə alman mütəxəssis “Rayo Valyekano” ilə İspaniya La Liqasının 24-cü tur oyunundan (1:0) sonrakı mətbuat toplantısında bildirib.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 11 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 83 oyun, 18 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.