Hansi Flik Leon Qoretskanı yığmaya dəvət etmədi

Almaniya yığmasının baş məşqçisi Hansi Flik “Bayern”in yarımmüdafiəçisi Leon Qoretskanı növbəti oyunlara çağırmamağa qərar verib.

Arena.az xəbər verir ki, Flik “Bild”ə müsahibəsində bu qərarını belə izah edib:

“Mən dünən onunla danışdım, o, mənim fikrimi bilir. Bu, son seçim deyil. Mən Leonu çox qiymətləndirirəm, amma bizim bu məsələdə öz təsəvvürlərimiz var. Biz çağırılmayan bütün oyunçuların münasibətini görmək istəyirik”, deyə Hans Flik məqsədini açıqlayıb.

Məşqçinin müvafiq qərarı Almaniya futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Geridə qalmış 2022/2023 mövsümündə Qoretska “Bayern”in heyətində 40 oyuna çıxıb, 6 qol vurub, eyni sayda məhsuldar ötürmə verib və münhenlilərlə Almaniya çempionluğunu qazanıb. Cari mövsümdə Qoretska 3 oyun keçirib və hələ ki, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Qoretska 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 53 oyun keçirib, 14 qol vurub, 11 məhsuldar ötürmə verib. Leon Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunu qazanıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı Leon Qoretskanı 45 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, sentyabrın 9-da Almaniya yığması Yaponiya yığması ilə yoldaşlıq oyununda gücünü sınayacaq. Daha sonra sentyabrın 12-də “bundestim”i Fransa yığması ilə sınaq gözləyir.