“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniya La Liqasının 8-ci turunda “Osasuna”ya gözlənilməz səfər məğlubiyyətini (2:4) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz bu məğlubiyyəti qəbul etməliyik. Çox da yaxşı oynamadıq. Düşünürəm ki, oyunçuları qorumaq mənim məsuliyyətimdir, çünki onlar meydanda çoxlu dəqiqələr keçirirlər. Amma belə oynayacağımızı da gözləmirdim. Komandaya irəli getməli olduğumuzu dedim. Çərşənbə axşamı, bazar günü oynamışdıq… və hələ də düzgün yoldayıq.
İlk hissədə çox səhv etdik, amma sonda dəyişikliklərlə müdaxilə etdik. Kimsə təqsirkardırsa, o mənəm, amma mən oyunçular haqda qayğılanmalıyam. Bərpa üçün iki günümüz var, ümidvaram ki, sabah biz başqa bir komanda görəcəyik.
Çoxlu zədəli futbolçularımız var, amma bu xüsusda heç bir bəhanə ola bilməz… Hazırda heyətimizə baxsanız, bizim cəmi üç yarımmüdafiəçimiz və dayaq yarımmüdafiəçisi kimi çıxış edən bir müdafiəçimiz var. Bu asan deyil, amma biz bu vəziyyəti qəbul edirik”, deyə Hansi Flik bildirib.
Flik “Osasuna” ilə səfər oyununda polyak mərkəz hücumçusu Robert Levandovskinin əvəz edilməsini də əsaslandırıb:
“Levandovski istirahətə ehtiyacı olduğu üçün əvəzləndi. Robert güclü futbolçudur, amma üç gündən bir oyunumuz olur. Bu, onun xeyrinə edilib”, deyə alman mütəxəssis vurğulayıb.
8 turdan sonra “Barselona” 21 xalla La Liqanın yarış cədvəlinin zirvəsində mövqeyini qoruyub-saxlaya bilib. “Blauqrana”nı 7 oyunda 17 xal toplamış “Real” 2-ci pillədən təqib edir. “Osasuna” isə 14 xalla 5-ci pillədədir.