“Barselona” baş məşqçisi Hansi Flik Kataloniya klubunun braziliyalı cinah hücumçusu Rafinya haqqında fikrini paylaşıb.
Arena.az “Sports.es” dərgisinə istinadən məlumat verir ki, alman mütəxəssis Rafinyanın cari mövsümdəki çıxışını, ötən mövsüm ispan mütəxəssis Xavinin rəhbərliyi altında nümayiş etdirdiyi oyunla müqayisə edərək, braziliyalı futbolçunun tərəqqisinə diqqət çəkib:
“Rafinyanın tərəqqisinə nəzər saldıqda görürsən ki, ötən mövsümlə müqayisədə o, özünün idman formasının zirvəsinə çatıb və həlledici rol oynamağa başlayıb. Bu futbolçu bir əladır. Onu izləmək son dərəcə xoşdur. Rafinyanın özünəməxsus texnikası var. O, yüz faiz can qoyduqda, güc-qüvvə və nikbinlk saçmağa başlayır”, deyə Hansi Flik vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Rafinya avqust ayı üçün İspaniya La Liqasının ən yaxşı futbolçusu seçilib.
Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində heyətinə qatıb. Braziliyalı vingerin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün 4 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 91 oyun, 23 qol və 28 məhsuldar ötürmədən ibarətdir.
Rafinya “Barselona” ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.
Rafinya 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 27 oyuna çıxıb, 7 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı sağ cinah hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.