“Barselona”nın baş məşqçisi Hansi Flik uruqvaylı müdafiəçi Ronald Arauxonun tam sağalmasının nə vaxta gözlənildiyini açıqlayıb.
Arena.az alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Arauxo ilə bağlı hər şey qaydasındadır. Onun zədədən nə vaxt dönəcəyini hələ dəqiq bilmirik. O, paltardəyişmə otağına daxil olanda, hər şey qaranlığa qərq olur. Ronald bu qədər nəhəngdir. Onun bizim heyətimizdə olması fantastikdir”, deyə Hansi Flik bildirib.
Xatırladaq ki, “Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo sağ diz vətərindən aldığı zədə səbəbindən bu ilin iyul ayında cərrahi əməliyyat keçirib. O, Uruqvay yığmasının heyətində Amerika Kubokunda çıxış edərkən, Braziliya millisi ilə yarışın 1/4 final oyununda (0:0, penaltilərlə 4:2) zədələnmişdi.
Ronald Arauxo “Barselona”ya 2018-ci ilin avqustunda 4,7 milyon avro məbləğ müqabilində “Boston River”dən (Uruqvay) keçib. Bir müddət Kataloniya klubunun “B” komandasında çıxış etmiş uruqvaylı müdafiəçi 2020-ci ilin oktyabrında “Barselona”nın əsas heyətinə keçirilib. Arauxonun “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Arauxo klub layihəsinin əsas fiqurlarından biri hesab edilir. Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Ronald “Barsa”nın heyətində 37 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Ronald “Barselona” ilə İspaniya La Liqasının (2022/2023), İspaniya Kral Kubokunun (2020/2021), İspanya Super Kubokunun (2022/2023) qalibi olub.
Ronald Arauxo 2020-ci ilin oktyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 20 oyuna 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 25 yaşlı uruqvaylı müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.