Hansi Flik təsdiqlədi – “Bavariya”dan ayrılmaq istədiyini

Almaniyanın “Bavariya” komandasının baş məşqçisi Hansi Flik mövsümün sonunda bu klubdan ayrılmaq istəyir.

Arena.az xəbər verir ki, bu barədə alman mütəxəssis Bundesliqanın 29-cu turu çərçivəsində baş tutan “Volfsburq”la matçdan (3:2) sonra açıqlama verib.

O, yerli mətbuata açıqlamasında bildirib ki, klub rəhbərliyindən mövsümün sonunda müqaviləsinin ləğv olunmasını xahiş edib. Münhen təmsilçisinin Fliklə bağlı yekun qərarının necə olacağı isə bilinmir.

Almaniya mətbuatının xəbərinə görə, Flikin klubun idman direktoru Hasan Salihamiciçlə arasında problem var. O, bu səbəbdən komandadan ayrılmaq istəyinə düşüb. Digər bir ehtimala görə, Flik Almaniya yığmasını çalışdırmaq istəyir. Yoahim Lövün millidən ayrılmasından sonra bu posta məhz Hansinin təyinatı gündəmdədir.

Qeyd edək ki, Flikin rəhbərlik etdiyi “Bavariya” hazırda Bundesliqada 68 xalla liderdir. 56 yaşlı mütəxəssis 2019-cu ilin noyabrından Münhen təmsilçisinə rəhbərlik edir. O, daha öncə “Viktoriya Bammental” və “Hoffenhaym” komandalarına da baş məşqçilik edib. 2006-2014-cü illər aralığında isə Hansi Flik Almaniya yığmasında baş məşqçi köməkçisi kimi çalışıb.