Harri Keyn 2024-cü ildə Bundesliqa, ÇL və AÇ-ni qazanmaq istəyir

“Bayern”in və İngiltərə yığmasının mərkəz hücumçusu Harri Keyn qarşıdan gələn 2024-cü il üçün hədəflərindən danışıb.

Arena.az “The Times” nəşrinə istinadən Keynin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bayern” ilə Bundesliqa və Çempionlar Liqasını, İngiltərə yığması ilə isə Avronu – bunlar bizim qazanamağı nəzərdə tutduğumuz şeylərdir. Mənim oynadığım komandaların bu kubokları qazanmaq imkanı həqiqətən də yüksəkdir.

İngiltərənin məqsədi Avronu qazanmaqdır, son turnirdə buna çox yaxınlaşdıq və bu, qayıdıb qəniməti qazanmaq istəyini artırdı. Heç bir bəhanə yoxdur, biz qənimətlər qazanmaq istəyirik və İngiltərə ilə bunu etmək dünyada ən xüsusi hiss olardı”, deyə Keyn vurğulayıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. Keyn cari ilin yay transfer pəncərəsində 100 milyon avro qarşılığında “Tottenhem”dən “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 25 qol vurub, 8 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Keyn 21 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. Həmçinin ingilis hücumçu 2023 təqvim ilində 52 qol vurub və bu göstəricidə PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe ilə 2-ci yeri bölüşür. Hər iki hücumçu “Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldodan 1 qol geri qalıblar, 2023 təqvim ilində Ronaldo 53 qola imza atıb.

Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: