Harri Keyn – Almaniya Bundesliqasının ən yaxşı oyunçusu!

“Bayern”in 31 yaşlı ingilis hücumçusu Harri Keyn Almaniya Bundesliqasında 2024/2025-ci illər mövsümünün ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.

Keyn müvafiq uğurunu şərh edib:

“Möhtəşəm duyğudur – Bundesliqanın ən yaxşı oyunçusu elan edilmək. Bununla qürur duyuram, çünki bu liqada rəqabət yüksəkdir. Çempionluğu qazandığımız ildə mükafatı qazanmağım, onu daha da xüsusiləşdirir. Bu, mənim üçün çox şey deməkdir.

Kluba, komanda yoldaşlarıma və komanda heyətinə minnətdarlığımı ayrıca bildirmək istəyirəm, onlarsız, bu, mümkün olmazdı. Biz bütün mövsümü israrla çalışıb-vuruşmuşuq, ona görə də indi bundan zövq alacağam. Müvafiq qənimətlər – əlavə üstəlikdir”, deyə Keyn fərəhlə vurğulayıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 46 oyuna çıxıb, 38 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 91 oyun, 82 qol və 25 məhsuldar ötürmədən ibarətdir.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 105 oyuna 71 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: