“Bayern”in hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Barselona”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xatırladır ki, Almaniya nəhəngi səfərdə “blauqrana”ya 1:4 hesabı ilə məğlub olub.
“Birinci hissədə səfər meydanında üç qol buraxmaq bizim üçün heç də ən yaxşı başlanğıc olmadı. Birinci hissədə həqiqətən təhlükəli görünən bir vaxt kəsimimiz oldu, amma “Barselona” yaxşı oynadı, biz isə daha yaxşı olduğumuzda bundan yararlana bilmədik. Sonra da cəzalandırıldıq.
Biz bundan bir dərs əxz etməliyik. Düşünürəm ki, təhlükəli görünən bir məqam vardı, amma bəlkə də son topa çox tez oynamağa çalışaraq azacıq əsəbiləşdik və tələsməkdənsə, topa daha çox sahib olsaydıq, imkanımız daha yaxşı olardı. Ancaq təlaşa qapılmağa, qorxuya düşməyə gərək yoxdur. Məsələ, bundan ibrət almaqda və növbəti dəfə daha yaxşı olmaq məqsədilə yararlanmaqdadır”, – UEFA-nın rəsmi saytı Keyndən sitat gətirir.
3 turdan sonra 3 xal toplamış “Bayern” Çempionlar Liqasının ümumi mərhələsinin yarış cədvəlində 24-cü pillədə qərarlaşıb. “Barselona” isə 6 xalla 13-cü yerdədir.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 11 oyuna çıxıb, 14 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib. Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 56 oyun, 58 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 101 oyuna 68 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.


