Harri Keyn “Bayern” və Tomas Tuxel haqda danışdı

“Bayern”in mərkəz hücumçusu Harri Keyn Münhen klubuna keçidini şərh etməklə yanaşı, baş məşqçisi Tomas Tuxel haqda da danışıb.

Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir:

“Mən hiss etdim ki, karyeramda növbəti addımı atmağın vaxtıdır. Bu təcrübəni qazanmaq, titullar, Çempionlar Liqası uğrunda mübarizə aparmaq istəyirdim.

“Bayern” kimi klubda oynamaq – bu, böyük çağırışdır. Mən çempionat haqqında daha az, “Bayern” haqqında daha çox düşünürdüm: necə tərəqqi edə bilərəm?..

“Bayern” mənim üçün mükəmməl klubdur”, deyə Keyn məmnunluğunu ifadə edib.

Keyn komandanın alman çalışdırıcı Tomas Tuxel haqda ağızdolusu danışıb:

“Tuxellə Premyer Liqada bir neçə dəfə yolumuz kəsişib. Yayda görüşəndə onun enerjisi məni dərhal heyran etdi. O, ideyalarla doludur, gözəl insandır.

Məşqçi ilə yaxşı münasibətimin olması mənim üçün vacibdir. Bunun təməli əvvəlcədən qoyulmuşdu. Tomas nə düşündüyünü üzə deyir – və o, sizin də eyni şeyi etməyinizi istəyir. Biz həm şəxsi, həm də peşəkar surətdə anlaşdıq”, deyə Keyn baş məşqçisindən razılığını ifadə edib.

Xatırladaq ki, “Bayern” Harri Keyni cari yay transfer pəncərəsində “Tottenhem”dən transfer edib.

Keynin Almaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Harri Keyn “Bayern”in heyətində 3 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: