Harri Keyn: “Bayern”lə Çempionlar Liqasını qazanmaq istəyirəm”

“Bayern”in hücumçusu Harri Keyn bu mövsüm Münhen klubu ilə UEFA Çempionlar Liqasını qazanmaq istədiyini bildirib.

Arena.az ingilis futbolçunun bu barədə fikrini təqdim edir:

“Əlbəttə, finala çıxmaq və UEFA Çempionlar Liqasını qazanmaq istəyirəm. Çempionlar Liqası ən böyük yarışdır. Əgər bu kuboku birtəhər əldə etsək, bu, fantastik bir mövsüm olacaq, xüsusən də onu “Alyans Arena”da qazansaq.

Çətin bir yol olacaq, amma mən buna hazıram. Bu oyunlar həmişə böyük oyunlardır. Ab-hava və azarkeşlər həmişə inanılmazdırlar”, deyə Keyn bildirib.

Yeri gəlmişkən, “Bayern”in idman direktoru Maks Eberl Ditmar Hamanın Harri Keyni tənqid etməsinə münasibətini açıqlayıb:

“Hamann – qulaqlarımdakı səs-küy kimidir. O, hər üç gündən bir peyda olur”, deyə Eberl yarızarafat-yarıgerçək bildirib.

Xatırladaq ki, bir müddət əvvəl veteran futbolçu Ditmar Hamann Harri Keynin oyununu tənqid etmiş, ingilis futbolçuya, hələ də 100 milyon avro məbləğə layiq olduğunu sübut etməli olduğunu bildirmişdi.

Harri Keyn İngiltərənin “Tottenhem” klubunun yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 9 oyuna çıxıb, 10 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib. Keyn 5 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur.
Keyn Almaniya nəhənginin heyətində ümumilikdə 54 oyun keçirib, 54 qol vurub, 18 məhsuldar ötürmə verib.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 100 oyun keçirib. O, bu oyunlarda 68 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.