Harri Keyn bu mövsüm Avropada bunu bacaran ilk futbolçudur

“Bayern”in hücumçusu Harri Keyn cari mövsümdə Avropa böyük futbol beşliyi ölkələri içrə 30 məhsuldar fəaliyyətə imza atmış ilk futbolçudur.

Arena.az məlumat verir ki, ingilis mərkəz hücumçusu “Bayern”in heyətində bütün yarışlarda 22 qol vurub və 8 məhsuldar ötürmə verib, bu isə qol və məhsuldar ötürmə cəmi üzrə 30 xal deməkdir.

Vurğulayaq ki, Keyn müvafiq nəticəsinə Çempionlar Liqasının qrup mərhələsinin sonuncu, 6-cı turu çərçivəsində səfərdə “Mançester Yunayted”ə qarşı oyunda nail olub. Keyn Kinqsli Komana məhsuldar ötürmə verməklə, Almaniya nəhənginin “qırmızı şeytanlar” üzərində qələbəsinə (1:0) töhfəsini bəxş edib.

Harri Keyn “Tottenhem”in yetirməsidir. Keyn cari ilin yay transfer pəncərəsində 100 milyon avro qarşılığında “Tottenhem”dən “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 20 oyuna çıxıb və artıq qeyd etdiyimiz kimi, 22 qol vurub, 8 məhsuldar ötürmə verib.

Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: