Harri Keyn Bundesliqada Ceydon Sançonun rekordunu qırdı

Almaniya Bundesliqanın 4-cü turunda “Verder”lə səfər oyunu (5:0) “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az məlmat verir ki, bu oyunda Keyn “Bayern”in qələbəsinə vurduğu qolla öz töhfəsini verib.

Bu, Keynin Almaniya Bundesliqasında vurduğu 41-ci qol olub. Beləliklə Keyn Almaniya Bundesliqası tarixində ən çox qol vurmuş ingilis futbolçu ünvanına sahib olub.

Buna qədər Keyn, hazırda “Mançester Yunayted”dən icarə əsasında “Çelsi”də çıxış edən ingilis cinah hücumçusu Ceydon Sanço ilə 40 qolluq rekorda şərik idi.

Maraqlıdır ki, Sanço Almaniya Bundesliqasında 40 qolunu 118 oyuna vurduğu halda, Keynə 41 qolunu vurmaq üçün cəmi 36 oyun kifyət edib ki, bu da möhtəşəm bir nəticədir.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 6 oyuna çıxıb, 10 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Keyn 5 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur.
Keyn Almaniya nəhənginin heyətində ümumilikdə 51 oyun keçirib, 54 qol vurub, 17 məhsuldar ötürmə verib.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 100 oyun keçirib, 68 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.