Bundesliqanın 25-ci turunda “Boxum”a qarşı səfər oyunu “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Keyn bu oyunda qol vurmaqla, Bundesliqada vurduğu qolların sayını 25-ə çatdırıb.
Beləliklə, Keyn hazırda “Mançester Siti”də çıxış edən norveçi mərkəz hücumçusu Erlinq Halandın Dortmund Borrusiyasında çıxış etdiyi debüt mövsümündə nail olduğu nəticəni fəth edib. Əgər Halanda Bundesliqada 25 qol vurmaq üçün 25 oyun gərək olubsa, Keyn bu nəticəyə 22 oyunda nail olaraq, mütləq rekord müəyyənləşdirib.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 30 oyuna çıxıb, 29 qol vurub, 8 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, Keyn 25 qolla Almaniya Bundesliqasının cari mövsümünün ən sərrast futbolçusudur.
Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


