“Bayern”in 31 yaşlı ingilis mərkəz hücumçusu Harri Keyn Almaniya Bundesliqası tarixində müstəsna rekord müəyyənləşdirib.
Arena.az məlumat verir ki, Keyn 26 qolla Bundesliqanın 2024/2025-ci illər mövsümünün ən sərrast qolçusu olmaqla, müvafiq uğurunu yarışda ilk iki mövsümündə ardıcıl ikinci dəfə gerçəkləşdirməyi bacarmış ilk oyunçu olub.
Xatırladaq ki, Keyn ötən mövsüm də Bundesliqanın ən sərrast qolçusu olmuşdu. İngilis hücumçu 36 qol vurmuşdu.
Keyn müvafiq uğurunu şərh edib:
“Bu mükafat mənimlə evə qayıdır. Şadam ki, ardıcıl ikinci dəfə Bundesliqanın ən sərrast qolçusu oldum, bu, həmçinin daha xüsusi məqamdır, belə ki, biz həm də Bundesliqanın qalibi olduq. Mən buna, komanda yolaşlarımın dəstəyi olmadan müvəffəq ola bilməzdim!”, – Keyn özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 46 oyuna çıxıb, 38 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 91 oyun, 82 qol və 25 məhsuldar ötürmədən ibarətdir.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 105 oyuna 71 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.