Bundesliqanın 2-ci turunda “Frayburq”a qarşı ev oyunu (2:0) “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Keyn bu oyunda qol vurmaqla, daha bir nailiyyət əldə edib.
Belə ki, Keyn “Frayburq”a da qol vurmaqla, indiyə qədər Almaniya Bunsesliqası çərçivəsində qarşılaşdığı bütün komandaları peşman etmiş olub. İndiyə qədər 17 komanda Keynin ayağına tuş gəlib.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 3 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Keyn Almaniya nəhənginin ümumilikdə 48 oyun keçirib, 46 qol vurub, 14 məhsuldar ötürmə verib.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 98 oyun keçirib, 66 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində bir qənimət belə, qazana bilməyib.