Harri Keyn Camal Musialanı təriflədi

“Bayern”in ingilis hücumçusu Harri Keyn, Münhen klubundakı komanda yoldaşı, almaniyalı yarımmüdafiəçi Camal Musiala haqda danışıb.

Arena.az Keynin müvafiq fikrini təqdim edir:

“İlk növbədə, Musiala yaxşı oğlandır. O, mənim birlikdə oynadığım oyunçuların ən yaxşılarından biridir. Onunla oynamaq xoşdur, amma bəzi vəziyyətlərdə o, oyunun gedişatını büsbütün dəyişə bilər”, deyə Harri Keyn vurğulayıb.

“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Musiala “Bayern”in heyətində 39 oyun keçirib, 17 qol vurub, 7 məhsuldar ötürmə verib.

Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 202 oyun, 60 qol və 38 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 40 oyun keçirib, 8 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: