Harri Keyn Erlinq Halandın Bundesliqadakı rekordunu qırdı

Almaniya Bundesliqasının 3-cü turunda “Holştayn Kil”ə qarşı səfər oyunu “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Keyn bu oyunda Almaniya nəhənginin 6:1 hesablı qələbəsinə vurduğu 3 qol və 1 məhsuldar ötürmə ilə töhfəsini verib.

Beləliklə, Keyn Bundesliqada qollar və məhsuldar ötürmələrin cəmi üzrə 51 xal toplayıb. Müvafiq göstərici üzrə 50 xallıq nəticə əldə etmək üçün Keynə cəmi 35 oyun kifayət edib ki, bu nailiyyəti ilə ingilis hücumçu Almaniya Bundesliqasının mütləq rekordunu müəyyənləşdirib.

Xatırladaq ki, əvvəlki rekordu hazırda “Mançester Siti”də çıxış edən, Dortmund “Borussiya”sının norveçli keçmiş hücumçusu Erlinq Halanda məxsus idi. “Qolçu vikinq” Bundesliqada qollar və məhsuldar ötürmələrin cəmi üzrə 50 xalı 44 oyuna toplamışdı.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 4 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Keyn Almaniya nəhənginin heyətində ümumilikdə 49 oyun keçirib, 49 qol vurub, 15 məhsuldar ötürmə verib.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 100 oyun keçirib, 68 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: