Almaniya nəhəngi “Bayern”in və İngiltərə millisinin hücumçusu Harri Keyn uşaqlıqda hansı futbolçuları bəyəndiyi haqda söhbət açıb.
Arena.az ingilis futbolçunun bu barədə fikrini təqdim edir:
“Uşaqlıqda ən çox sevdiyim oyunçu kim olub? İngilis hücumçusu Teddi Şeringemi bəyənirdim. Sonralar Devid Bekhem kimi oyunçular mənim kumirlərim idilər. Uşaqlıqda Bekhemin dediyi hər şeyi edərdim. İndi özüm bir çox uşaqlara örnəyəm və onlara nümunə olmağa çalışıram”, deyə Keyn bildirib.
Keyn uğursuz futbolçu karyerası halında, hansı peşə üzrə çalışacağı haqda sualı da cavablayıb:
“Peşəkar futbolçu olmasaydım, hansı işlə məşğul olardım? Mən qolfu çox sevdiyim üçün qolf üzrə karyera qura bilərdim. Amma mən həm də amerikan futboluna baxmaqdan və NFL-i izləməkdən həzz alıram. Bu da mütləq gözəl olardı”.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 45 qol vurub, 12 məhsuldar ötürmə verib.
İngilis hücumçu Almaniya Bundesliqasının 2023/2024-cü illər mövsümündə 36 qolla (32 oyun) ən sərrast futbolçu olub. Keyn 2024-cü ilin “Qızıl buts” mükafatına əsas namizəddir, daha doğrusu nəticə etibarlı ilə ingilis hücumçu bu mükafatı qazanıb, yalnız rəsmən təqdimatını gözləyir.
Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 98 oyun keçirib, 66 qol vurub, 19 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, Harri Keyn böyük futbol karyerası ərzində komandaları ilə bir qənimət belə, qazanmayıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.


