Almaniyanın “Bayern” klubunun və İngiltərə milli komandasının hücumçusu Harri Keyn yığmadakı rekordunu yeniləyib.
Arena.az xəbər verir ki, 31 yaşlı forvard dünya çempionatının (DÇ-2026) seçmə mərəhləsi çərçivəsində Albaniya yığmasına qarşı keçirdikləri oyunda qol vurmaqla bunu bacarıb.
K qrupunun matçında fərqlənmiş futbolçu ümumilikdə yığmanın heyətində 70-ci qolunu vurub.
Keyn hazırda İngiltərə millisinin heyətində ən çox qol vuran futbolçudur. Onu 53 qolla Ueyn Runi təqib edir.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 37 oyuna çıxıb, 32 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 82 oyun, 76 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
Keyn 21 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 7 məhsuldar ötürmə də var.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 104 oyuna 70 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində komanda səviyyəsində hələ, bir qənimət belə, qazana bilməyib.


