Məlum olduğu kimi, “Bayern” Çempionlar Liqasının 1/4 finalının “İnter”lə Münhendə keçirilmiş ilk oyununda 1:2 hesabı ilə məğlub olub.
Arena.az jurnalsit Florian Plettenberqə istinadən məlumat verir ki, “Bayern”in 31 yaşlı ingilis ulduz hücumçusu Harri Keyn bu oyunda hücumdakı dişsizliyini şərh edib:
“Müvafiq hal mütəmadi olaraq yaşanmır, amma bu, hücumçunun həyatının bir hissəsidir. Yüksəlişləri qəbul etdiyiniz kimi, enişləri də qəbul etməlisiniz – bununla hər bir futbolçu qarşılaşır. Mən, öz məqamlarımın olduğu üçün şadam. Hələ öz izimi qoyacağıma ümidvaram…”, deyə Keyn vurğulayıb.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 40 oyuna çıxıb, 34 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 85 oyun, 78 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Keyn 23 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 8 məhsuldar ötürmə də var.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 105 oyuna 71 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində komanda səviyyəsində hələ, bir qənimət belə, qazana bilməyib.


