Harri Keyn: “Mən tamamilə “Bayern”ə köklənmişəm”

“Bayern”in ingilis ulduz mərkəz hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasına mümkün qayıdışı ilə bağlı şayiələri cavablayıb.

Arena.az ESPN şəbəkəsinə istinadən, ingilis futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Bəlkə də bu haqda bir neçə təsadüfi əhvalat var, amma mən tamamilə “Bayern”ə köklənmişəm. Müvafiq şayiələrin haradan qaynaqlandığını bilmirəm. Mən burada, Münhen “Bayern”ində xoşbəxtəm”, deyə Keyn vurğulayıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 38 oyuna çıxıb, 33 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 83 oyun, 77 qol və 24 məhsuldar ötürmədən ibarətdir.

Keyn 21 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 7 məhsuldar ötürmə də var.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 105 oyuna 71 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn hazırda İngiltərə millisinin heyətində ən çox qol vuran futbolçudur. Onu 53 qolla Ueyn Runi təqib edir.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində komanda səviyyəsində hələ, bir qənimət belə, qazana bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: