Harri Keyn qənimətlər haqda: “Mən əlimdən gələni etmişəm”

Almaniya nəhəngi “Bayern”in ingilis ulduzu, mərkəz hücumçusu Harri Keyn hələ də qənimətlərsiz olan karyerasını qiymətləndirib.

Arena.az ESPN şəbəkəsinə istinadən, ingilis ulduzun müvavfiq qənaətini təqdim edir:

“Mən karyeram ərzində etmək istədiklərimin çoxunu etmişəm. Əlbəttə, komanda qəniməti hamının xatırlayacaı bir məqamdır, amma əvvəl-axır, bilirsiniz ki, istənilən halda mümkün olan hər şeyi etməlisiniz. Mən isə bunu etdiyimi hiss edirəm”, deyə Keyn vurğulayıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 39 oyuna çıxıb, 34 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 84 oyun, 78 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Keyn 23 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 8 məhsuldar ötürmə də var.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 105 oyuna 71 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində komanda səviyyəsində hələ, bir qənimət belə, qazana bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: