Harri Keyn: “Qalatasaray” azarkeşləri qarşısında şlyapa çıxarıram”

“Bayern”in hücumçusu Harri Keyn Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə “Qalatasaray” üzərində qələbədən (3:1) danışıb.

Arena.az “Bayern”in rəsmi saytına istinadən Keynin bu barədə fikirlərini təqdim edir:

“Bu, həqiqətən də vacib qələbə idi. Fantastik mənzərədə çətin oyun, xüsusən də ilk yarıda oyunu çətinləşdirən azarkeşlərlə. İkinci hissədə daha çox məkanımız oldu və daha yaxşı oynadıq. İndi üç oyundan doqquz xalımız var, bu, çox yaxşıdır.

“Qalatasaray” azarkeşləri, eləcə də qonaq azarkeşlər qarşısında, belə gözəl ab-hava yaratdıqlarına görə şlyapamı çıxarıram”, deyə Keyn bildirib.

Xatırladaq ki, Keyn “Qalatasaray” üzərində qələbədə böyük pay sahibi olub. İngilis hücumçu 1 qol və 1 məhsuldar ötürmə ilə münhenlilərin çətin oyunda qələbəsinə töhfə verib.

3 turdan sonra “Bayern” Çempionlar Liqasının “A” qrupunda 9 xalla liderdir. “Qalatasaray”ın 4, “Mançester Yunayted”in 3, “Kopenhagen”in 1 xalı var.

Keyn cari ilin yay transfer pəncərəsində 100 milyon avro qarşılığında “Tottenhem”dən “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində 12 oyuna çıxıb, 11 qol vurub, 6 məhsuldar ötürmə verib.

Harri Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 87 oyun keçirib, 61 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: