İngiltərə yığmasının mərkəz hücumçusu Harri Keyn “üç şir”in keçmiş baş məşqçisi Qaret Sautqeytə müraciət ünvanlayıb.
Arena.az xatırladır ki, Sautqeyt dünən, iyulun 16-da İngiltərə yığmasının baş məşqçisi vəzifəsini tərk etdiyini açıqlamışdı.
“Boss, mənim və ölkəmiz üçün etdiyiniz hər şeyə görə Sizə təşəkkür edirəm! Siz İngiltərənin ən böyük çalışdırıcılarından biri olmusunuz və bu müddət ərzində sizin rəhbərliyiniz altında kapitan olmaq çox xoş idi. Siz, millətimizin bir araya gəlməsinə və komandaya yenidən inanmasına kömək etdiniz.
O qədər anlar olub ki, biz əbədi olaraq bizimlə qalacaq xatirələri qoruyub-saxladıq! Növbəti fəsildə uğurlar. Əminəm ki, bir-birimizi yenidən görəcəyik. Təşəkkürlər, boss! — Harri Keyn özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.
Sauqeyt İngiltərə yığmasının sükanı arxasına 2016-cı ilin sentyabrında keçib. İngilis mütəxəssisin “üç şir”lə müqaviləsi 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədə idi.
Rəhbərliyi müddətində Sautqeyt İngiltərə yığmasını 102 oyuna çıxarıb. İngilislər bu oyunlarda 64 qələbə, 20 heç-heçə və 18 məğlubiyyət yaşayıblar. Topların fərqi isə 230:86 nisbətindədir.
Maraqlıdır ki, Sautqeyt yığma komandanın sükanı arxasına məşqçilikdə elə də böyük təcrübəsi olmadan gəlib. Buna qədər ingilis mütəxəssis “Midlsbro”nu və İngiltərənin gənclərdən ibarət U-20 və U-21 yığmalarını qısa müddət çalışdırıb.
Buna rəğmən, Sautqeyt İngiltərə yığmasını dirçəldərək, iddialı kollektivə çevirə bilib. Sautqeytin rəhbərliyi altına “üç şir” 2021-ci ildə İngiltərədə keçirilmiş AÇ-2020-nin, Almaniyada keçirilmiş AÇ-2024-ün finalçısı olub. İngiltərə yığması həmçinin DÇ-2022-də fəxri dördüncü yeri tutub.
Sautqeytin İngiltərə yığmasından ayrılmaq qərarına isə Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatının final oyununda İspaniya yığmasına 1:2 hesablı məğlubiyyətin böyük təsir göstərdiyi vurğulanır.