Harri Keyn qazanmaq arzusunda olduğu iki qənimətdən danışdı

“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn hansı kuboku qazanmaq arzusunda olması ilə bağlı sualı cavablayıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, Keyn həmçinin növbəti mövsüm üçün hədəfindən danışıb:

“Mənim arzum komanda ilə Bundesliqa və Çempionlar Liqasını qazanmaqdır. Milli komanda ilə böyük yarışda qalib gəlmək istərdim. Mövsüm üçün məqsədim mümkün qədər çox qənimət qazanmaqdır”, deyə Keyn bildirib.

Xatırladaq ki, Keyn böyük futbol karyerası ərzində komandaları ilə bir qənimət belə, qazanmayıb.

İngilis hücumçu ən yaxşı münasibətdə olduğu komanda yoldaşları ilə bağlı sualı da cavablayıb:

“Komanda yoldaşımdan kim ilə daha yaxşı anlaşıram və komanda avtobusunda yanımda kim oturur? “Bayern”də çoxlu dostlar qazandım. Mən Tomasla (Müller) qolf oynamaqdan həzz alıram. Erik Dayeri “Tottenhem”dəki vaxtımdan tanıyıram və biz yaxşı dostuq. Avtobusda onun yanında otururam. Mən həm də Leroy (Zane) və Camalla (Musiala) oynamaqdan həzz alıram. Meydanda və meydandan kənarda yaxşı əlaqəmiz var. Bəzən Yozua (Kimmix) ilə şahmat oynayıram”, deyə Keyn bildirib.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 45 qol vurub, 12 məhsuldar ötürmə verib.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 98 oyun keçirib, 66 qol vurub, 19 məhsuldar ötürmə verib.

İngilis hücumçu 2023/2024-cü illər mövsümü Almaniya Bundesliqasının 36 qolla (32 oyun) ən sərrast futbolçusu olub. Keyn 2024-cü il “Qızıl buts” mükafatına əsas namizəddir, daha doğrusu nəticə etibarlı ilə ingilis hücumçu bu mükafatı qazanıb, yalnız rəsmən təqdimatını gözləyir.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: