Harri Keyn “Qızıl buts” mükafatı uğrunda mübarizədən danışdı

İngiltərə yığmasının kapitanı Harri Keyn Avropa çempionatının (AÇ-2024) ən sərrast futbolçusu adı uğrunda mübarizəsi haqda danışıb.

Arena.az xatırladır ki, Keynin AÇ-2024-ün ən sərrast futbolçusuna təqdim ediləcək “Qızıl buts” mükafatı uğrunda əsas rəqibi, İspaniya yığmasının hücumameylli yarımmüdafiəçisi Daniel Olmodur.

Hər iki futbolçunun hesabında 3 qol var və hazırda, Olmo ən sərrast futbolçuların siyahısına başçılıq edir. Rəqiblər AÇ-2024-ün finalında üz-üzə gələcəklər.

“Bu, onunla (Olmo ilə) mənim aramızda şəxsi döyüş deyil. Əlbəttə, mən İngiltərə yığmasının qalib gəlməsini istəyirəm, buna görə də belə oyunlara hazırlıq zamanı mütəmadi olararaq çox şeylər deyilir. Günün sonunda, vacib olan meydanda baş verənlərdir, mən yalnız buna diqqət cəmləmişəm”, – AS dərigisi Keynin İngiltərə yığmasının qələbəsini öz şəxsi uğurundan üstün tutduğu haqda sözlərini sitat gətirir.

Xatırladaq ki, AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında final oyunu bu gün, iyulun 14-də Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Hakim fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 12 məhsuldar ötürmə verib.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 97 oyun keçirib, 66 qol vurub, 19 məhsuldar ötürmə verib.

İngilis hücumçu 2023/2024-cü illər mövsümü Almaniya Bundesliqasının 36 qolla (32 oyun) ən sərrast futbolçusu olub. Keyn 2024-cü il “Qızıl buts” mükafatına əsas namizəddir.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: