“Bayern”in və İngiltərə yığmasının hücumçusu Harri Keyn ötən mövsümə görə layiq görüldüyü qolçuluq mükafatlarından söhbət açıb.
Arena.az məlumat verir ki, ingilis futbolçu bu barədə özünün sosial şəbəkə hesabı üzərindən yazı paylaşıb:
“Ötən mövsüm Bundesliqa, Çempionlar Liqası və AÇ-2024-ün qızıl butslarını, eləcə də 2023/2024-cü illər mövsümü Avropa “Qızıl Buts” mükafatını qazandığım üçün çox qürur duyuram.
Yeni mövsümə möhtəşəm başlanğıcımızı davam etdirdiyimiz dünənki oyunda (“Frayburq”la oyun, 2:0 – redaktorun qeydi) mənə Bundesliqa qəniməti təqdim edildi, özümü və bu komandanı uğura sövq etmək üçün isə çox ilhamın var! Dəstəyinizə görə hər kəsə təşəkkür edirəm!”, – Keyn yazıb.
Xatırladaq ki, Keyn 2023/2024-cü illər Almaniya Bundesliqasında keçirdiyi 32 oyunda 36 qol vurub və yarışın ən sərrast futbolçusu olub. Həmçinin ingilis hücumçu ötən mövsüm Çempionlar Liqasında 8 qol, AÇ-2024-də isə 3 qol vurmqla, yarışların ən sərrast futbolçusu olub.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 3 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Keyn Almaniya nəhənginin ümumilikdə 48 oyun keçirib, 46 qol vurub, 14 məhsuldar ötürmə verib.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 98 oyun keçirib, 66 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində bir qənimət belə, qazana bilməyib.


