İngiltərə milli komandasının və “Tottenhem”in hücumçusu Harri Keyn karyerasını İspaniya nəhəngi “Real”da davam etdirə bilər.
Arena.az Cadena SER dərgisinə istinadən xəbər verir ki, Madrid klubu hücumçusu sıralarına qatmaqda maraqlıdır və bu yöndə variantları araşdırır.
“Tottenhem”in də Keynlə vidalaşmağa hazır olduğu bildirilir. Buna əsas səbəb isə klubla futbolçu arasındakı müqavilənin müddətinin gələn il başa çatmasıdır.
Keynin agenti ilə “Real” təmsilçiləri artıq əlaqə yaradıblar. O, ingilis hücumçunun xidmətlərini “Kral klubu”na təklif edib. Hazırda madridlilərin menecment şöbəsi Keyni komandanın sıralarına qatmaq üçün variantları saf-çürük edir. Yekun qərar bir qədər sonra qəbul ediləcək.
Xatırladaq ki, bir müddət əvvəl Keynin cari mövsümün sonunda “Tottenhem”i tərk etmək istəyində olması barədə xəbər gündəmə gəlmişdi. “Real”la yanaşı, hücumçunun xidmətində “Bayern”, “Mançester Yunayted” və PSJ klubları da maraqlıdır.
29 yaşlı Keyn cari Premyer Liqa mövsümündə “Tottenhem”in heyətində 37 oyunda meydana çıxıb, 28 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. İngilis hücumçu London təmsilçisində indiyə qədər 434 oyun keçirib. O, bu oyunlarda 278 qola imza atıb, 64 asist müəllifi olub. Hücumçu karyerası ərzində “Milluol” (27 oyun, 9 qol, 5 asist), “Leyton Orient” (18 oyun, 5 qol), “Lester Siti” (15 oyun, 2 qol) və “Norviç Siti”də (5 oyun, 1 asist) də forma geyinib.
Keyn İngiltərə milli komandasında da 82 oyun keçirib və 55 qola imza atıb.